2020-ci il iyunun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 206,7 min nəfər olub, onların 4 milyon 901,3 min nəfərini məşğul əhali təşkil edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi mayın 1-nə muzdla işləyənlərin sayını 1 milyon 676,1 min nəfər göstərir. İqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfərin, qeyri neft-qaz sektorunda 1 milyon 642,5 min nəfər çalışdığı vurğulanır.
Rəsmi açıqlamaya əsasən, 2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manata çatıb. Əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat, dövlət müəssisələrində 623,7 manat, özəl müəssisələrdə 885,1 manat olub.
Beş ayda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artıb, ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 1,6 faiz bəndi üstələyib.