Atasını itirən jurnalist TƏBİB-in sədrinə açıq məktub yazıb
- 15 İyun 2020
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
İki gün öncə atasını itirən jurnalist Seymur Kazımov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya açıq məktub yazıb.
Jurnalist bildirib ki, əslində o, TƏBİB-in sədrinə quru informasiya sorğusu da göndərə bilərdi: “Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım”.
Daha sonra Seymur Kazımov yazır: “Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.
Birincisi, aidiyyəti üzrə qeydiyyatda olduğu Xırdalanda təcili tibbi yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi “Yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in “Qaynar xətt”inə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.
İkincisi, zəng edirik TƏBİB-in “Qaynar xətt”inə. Cavab verilmir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Atamdan koronavirus testinin götürülüb-götürülmədiyini soruşur. “Yox” cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.
Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa TƏBİB-in mərkəzi ofisinə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.
Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır… “Dimedrol”, “Analgin” vurur və gedir.
Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmoniyası diaqnozu qoyulur.
Altıncısı, qızdırma davam edir, bir gündə dava-qırğından sonra iki həkim gəlir müxtəlif saatlarda, hər ikisi yenə baxır, baxır və “Dimedrol”, “Analgin” vurub gedirlər.
Siyahını rəqəmlərsiz davam etdirirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə, nəhayət, test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını görürlər. O vəziyyətdə qoyub gedirlər.
Son 4 gündə qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng edilir, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”.
TƏBİB-in Bakıdakı mərkəzinə zəng edirsən, onlar da testin cavabını soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür, yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir, zəng edir və deyir: “Biz onsuz da onu heç yerə aparası deyilik, gəlib “Dimedrol”, “Analgin” vurub gedəcəyik. Gələk?”
Bəli, məhz elə bu cür də deyir.
Çatırıq öldüyü günə, iyunun 12-nə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də başlayır özünü tərifləməyə: mən 30 ilin həkimiyəm-filan… Nə isə, bir “Dimedrol”, “Analgin” də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.
Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.
Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, ikitərəfli pnevmoniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur, cavab verilir ki, gəlin, götürün.
Gedirik “götürməyə” və qohumlardan biri zəng edir: “Tələsmə, atan keçindi, gəl morqun qarşısına”.
Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə “neqativ” mesajı gəlir. Yəni koronavirus testinin cavabı neqativ çıxıb.
Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur. Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara. Bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı operativ qərargahın (Koronavirus pandemiyası ilə əlaqdar ölkədə yaradılmış, Nazirlər Kabineti yanında operativ qərargah nəzərdə tutulur – red.) birfinqində eşitməyəksiniz. Oxuyun.
1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər qızdırma ancaq COVİD-19 əlamətidir?
2. Həkimləriniz tez-tez deyir, elə operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?
3. “Xəstəxanada niyə yer yoxdur?” məsələsi. Karantin rejimini kim yumşaltdı, birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?
4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bu günədək niyə açıqlanmır? Axı xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin verdiyi məntiqsiz qərarlardır.
5. İkitərəfli pnevmoniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə alın” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?
6. Koronavirus testinin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində nəticəni göstərə bilən testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Koronavirusla Mübarizəyə Dəstək Fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?
7. “Semaşko”da morqun qarşısında yaxınlarını itirmiş insanlarla söhbət zamanı məlum oldu ki, demək olar ki, ölənlərin əksəri pnevmoniyadan əziyyət çəkirmiş. Pnevmoniya koronavirusun əsas simptomlarından biri olsa da, onu virusun əlaməti hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test virusla bağlı nəticəni neqativ göstərir. Sizcə, pnevmoniyanın sayı niyə belə artıb? İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmoniyadan ölənlərin sayı?
Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər – İtaliya, İspaniya, Fransa, ABŞ… “Orada insanlar qırılırdı, amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Onlar səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi nağıla gərək yoxdur. Fərz edək ki, xarici ölkələrdə durum pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun vaxtilə bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmağa” yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Gürcüstanda koronavirusa günəlik yoluxanların sayı əsasən 1-5 nəfər arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədirlər.
Əlqərəz, qayıdıram lap əvvələ. Sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiyi məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazı görə bilərsiniz”.
Açıq məktubunun sonunda Seymur Kazımov qeyd edib ki, o öz suallarına TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz sədr Ramin Bayramlıdan cavab tələb edir: “Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacam”.
Novator.az xatırladır ki, 2018-ci ilin dekabrında ölkə prezidentinin imzaladığı fərmanla yaradılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində publik hüquqi şəxsdir.
Ramin Bayramlı 2019-cu ilin dekabrında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin imzaladığı əmrlə TƏBİB-in sədri təyin olunub.
1979-cu il təvəllüdlü Ramin Bayramlı 2001-ci ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirib. 2001-ci ildən bu universitetin mikrobiologiya və immunologiya kafedrasında baş laborant, 2005-ci ildən assistent, 2009-cu ildən baş müəllim, 2013-cü ildən isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin klinikanın baş həkimi olub. 2018-ci ildən 2019-cu ilin dekabrına, yəni TƏBİB-in sədri təyin edilənədək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
2020-ci ilin yanvarından ölkədə dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələri (tibbi mərkəzlər və birliklər; stasionar müəssisələr; ambulator-poliklinika müəssisələri; təcili tibbi yardım müəssisələri və s.) TƏBİB-in tabeliyindədir. Həmin tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarəedilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirir.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına reallaşdırılır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi indiyədək 436 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb. İyunun 15-nə olan rəsmi hesabata görə, ölkədə ümumən 10324 yoluxma müəyyən edilib, 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər dünyasını dəyişib, 4463 nəfər xəstəxanalardadır.