Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novator.az saytının sorğusunu cavablandırıb.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akob Arşakyan iyunun 8-i ölkə parlamentindəki çıxışında Azərbaycanla əldə olunmuş razılaşmadan danışıb. Nazirin sözlərinə görə, 2019-cu ildə İsveçrənin Cenevrə şəhərində Azərbaycan təmsilçiləri ilə üç görüş keçirilib, Beynəlxalq Telekommunikasiya İttifaqının vasitəçiliyi ilə baş tutan danışıqlarda sərhəddəki tezliklər məsələsi müzakirə olunub, razılaşma nəticəsində Ermənistan 134 tezlikdən sərbəst istifadə hüququ əldə edib.
İyunun 11-də bu məsələni gündəmə gətirən Ümid Partiyasının sədri İqbal Ağazadə özünün “Facebook” səhifəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə səslənərək suallar qoyub: “İşğal olunmuş Azərbaycan ərazilərindəki tezliklər kimin nəzarətindədir? Biz hansı tezliklərlə bağlı razılaşma əldə etmişik?”
Novator.az saytı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlovaya üz tutaraq məsələyə aydınlıq gətirilməsini istəyib. Nazirlik sözçüsünə Ermənistanla hansı tezliklərlə bağlı razılaşma əldə olunması, işğal altındakı Azərbaycan ərazilərində tezliklərin hansı dövlətin nəzarətində olduğu barədə suallar verilib.
Günel Gözəlovanın yazılı cavabında qeyd olunur ki, son illər Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi, beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına müraciətlərə Ermənistandan əsassız etirazlar edilib: “Ermənistanın əsassız etirazları ölkəmizin radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınmamasına, bununla da fəaliyyətinə maneələrin yaranmasına səbəb olurdu. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tədbirlər görüb, Azərbaycanın radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınması, Ermənistanın etirazlarına baxmayaraq, təmin edilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssislərinə və qarşı tərəfə sübut olunub. Nəticədə Ermənistanın əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınması təmin edilib”.
Günel Gözəlova həmçinin yazır ki, Dağlıq Qarabağda qeydiyyatda olan bütün radiostansiyalar Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın adındadır və bu stansiyalar müzakirə mövzusu ola bilməz: “Müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və digər ərazilərdəki radiostansiyalarımıza maneələrin yaranmaması üçün onların beynəlxalq qeydiyyatı aparılıb. Beynəlxalq Telekommunikasiya İttifaqı BMT-nin qurumudur və Azərbaycanın ərazi bütövlüyü birmənalı qəbul olunduğu uçun bizim ərazilər daxilindəki heç bir stansiya ermənilərin adı altında qeyd oluna bilməz və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bunu mütəmadi izləyir”.
Bəs Ermənistan doğrudanmı Azərbaycanla razılaşma nəticəsində 134 tezlikdən sərbəst istifadə hüququ əldə edib? Nazirlik sözçüsü Günel Gözəlova Novator.az-a açıqlamasında bu məqama toxunmayıb.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
İlkin Nizami