İyunun 12-də Baş Prokurorluğun mətbuat xidməti rəsmi məlumat yayıb. Açıqlamaya görə, prezident İlham Əliyevin 10 iyun sərəncamı ilə Baş Prokurorluğun strukturu yenilənib, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb, baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq İdarəsi yaradılıb.
Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və İcraya Nəzarət, Xidməti Araşdırmalar, Beynəlxalq Hüquqi Əməkdaşlıq, Hüquqi Təminat və İnsan Hüquqları, Kriminalistika və İnformasiya Texnologiyaları, Sənədlərlə və Müraciətlərlə İşin Təşkili idarələri təsis edilib, mərkəzi aparatın Cinayət Təqibindən Kənar İcraatlar və Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi idarələri yaradılıb.
Dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov baş prokurorun müavini təyin olunub, baş prokurorun imzaladığı əmrlərlə Nemət Əvəzova Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Natiq Abdullayev Baş Prokurorluğun Daxili İşlər Orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəisi, Anar Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov Xətai rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Eldar Sultanov Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin rəisi təyin olunub, Günay Həsənliyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası tapşırılıb.
Azərbaycanda prokurorluq orqanının əsası 1918-ci ildə qoyulub. Həmin il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq yaradılıb.
Novator.az bildirir ki, konstitusiyaya görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.
Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Bu il mayın 1-də Milli Məclis prezident İlham Əliyevin təqdimatına baxaraq Kamran Əliyevi baş prokuror təyin edib. Onun səlahiyyət müddəti 5 ildir.
1965-ci il təvəllüdlü Kamran Əliyev İrkutsk Dövlət Universitetinin (Rusiya) hüquq fakültəsini bitirib, həmçinin aspirantura təhsili alıb. Hüquq elmləri namizədidir. Son təyinata qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi və baş prokurorun müavini olub.