AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov iyunun 12-də azadlığa çıxıb. Novator.az-ın məlumatına görə, mayın 28-də tutulan cəbhəçi Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. Xırda xuliqanlıqda təqsirli bilinən fəal Daxili İşlər Nazirliyinin Bakıdakı inzibati həbs məntəqəsində saxlanırdı.
Ruslan Əmirov aprelin 9-dan mayın 9-dək də cəza çəkib. O, paytaxtda karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası almışdı.
AXCP sədrinin köməkçisi Faiq Əmirli də son vaxtlar iki dəfə həbs edilib. Partiya fəalı aprelin 8-i Bakıda tutularaq Səbail Rayon Məhkəməsinin qərarı ilə karantin rejiminin pozulmasında təqsirli bilinib, 30 sutka həbs cəzası alıb, mayın 8-də azadlığa buraxılıb.
Mayın 25-dən iyunun 9-dək isə o, xırda xuliqanlıq ittihamı ilə 15 sutka həbsdə yatıb. Bu cəzanı Sabirabad Rayon Məhkəməsi kəsib.
Martın 22-dən bəri daha 14 AXCP fəalına müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası verilib.
Cəlilabadda tutulan Anar Məlikov 10 sutka, Bakıda tutulan Nicat Abdullayev, Baba Süleyman 30 sutka, Abşeron rayonunda tutulan Vüqar Əbilov 20 sutka, Bakıda tutulan İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev 30 sutka, Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli 15 sutka, Salyanda tutulan Sərdar Qubadsoy 25 sutka, Bakıda tutulan Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbs cəzası çəkib.
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. Cəzası bitəndən sonra Niyaməddin Əhmədova terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda onun məhkəməsi gedir.
Mayın 16-sı Bakıda tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.