Bakının Nizami Rayon Məhkəməsi iyunun 10-da ictimai fəal Qiyas İbrahimovu inzibati qaydada 50 manat cərimələyib. “Turan”a açıqlama verən Qiyas İbrahimov məhkəmənin qərarı ilə razılaşmadığını deyib: “Mən hər hansı qaydanı pozmamışam, etiraz etmişəm. Hökumət karantin dövründə mənə işsizlik müqabilində 380 manat yardım vermişdi. Onun 200 manatını tələbələrin etiraz aksiyasında iştirakıma, 50 manatını etiraz etdiyimə görə cərimə şəklində geri aldı”.
Qiyas İbrahimov iyunun 9-u Bakıda təkbaşına etiraz aksiyası keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də DİN!” şüarı yazılmış plakat asıb. Fəal hərəkətini polis əməkdaşlarının iyunun 8-i Bakının Yasamal rayonundakı binaların birində keçirdiyi əməliyyatda sakinlərlə sərt davranması ilə əsaslandırıb.
İyunun 6-dan 8-dək Bakıda koronavirus pandemiyasına görə küçəyə çıxmaq qadağası tətbiq olunub. Daxili İşlər Nazirliyi bəyan edib ki, iyunun 7-də karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonundakı yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb. İyunun 8-də binada əməliyyat keçirilib və 11 nəfər tutulub.
İyunun 1-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən bir qrup tələbə təhsil haqlarının və imtahanların ləğvi tələbləri qoyublar.
Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da həbs edilib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.