Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev jurnalist Elçin Həsənzadəni və sosial media fəalı İbrahim Salamovu məhkəməyə verib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, Şəhriyar Mustafayev Mingəçevir Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətində jurnalistin və sosial media fəalının onu böhtana və təhqirə məruz qoyduğunu iddia edib.
Bu il mayın 9-u Mingəçevirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin fotosu qaldırılıb. Fotonu qaldıran Ceyhun Rzayevə inzibati həbs cəzası verilib. Şəhriyar Mustafayev məhkəməyə şikayətində yazır ki, “Facebook”da bu məsələ ilə bağlı aparılan müzakirələrdə Elçin Həsənzadə və İbrahim Salamov onu aşağılayıblar. Rəis hər iki şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məhkum edilməsini istəyir.
147-ci maddəyə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 1000 manatdan 1500 manatadək cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
148-ci maddəyə əsasən, təhqirə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.