Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Yalçın İmanov, Xalid Ağalıyev, Xədicə İsmayıl, Rövşən Hacıbəyli və başqaları) iyunun 10-da yeni siyahı açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahıda 108 nəfərin adı var.
Siyasi məhbus kimi tanınan şəxslərin 4-ü jurnalist və bloqçudur: Araz Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli, Polad Aslanov.
12 siyasi və ictimai fəal (Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə) siyasi məhbus hesab olunur.
Aqil Hümmətov Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb.
Siyahıdakı şəxslərin 43-ü inanclı fəaldır (Taleh Bağırov, Abbas Hüseynov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Abgül Süleymanov və s.).
Ömürlük həbs cəzasına məhkum olunmuş 3 nəfər (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov) siyasi məhbus cərgəsində yer alır.
Siyahıdakı dustaqların 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli qrupunun üzvləri (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov) kimi təqdim olunur.
42 siyasi məhbus 2018-ci ilin Gəncə hadisələrinə görə tutulanlardır.
2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 yanvar 2020-ci il iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə islandiyalı məruzəçisi Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunub.