AXCP sədri Əli Kərimli Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
Novator.az bildirir ki, Demokratik Qüvvələrin Milli Şurasının 2019-cu il oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan Əli Kərimli həmin gün işgəncəyə məruz qaldığını bəyan edib. Siyasətçinin sözlərinə görə, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini, ondan siyasi mübarizədən əl çəkməyin tələb olunduğunu vurğulayıb.
Partiya lideri deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb.
Vəziyyəti ağır olduğundan Əli Kərimlini müayinə üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalına aparıblar. AXCP sədrinin alın nahiyəsinə tikiş qoyulub.
Hospitaldan Əli Kərimlini Bakının Süleyman Rəhimov küçəsindəki evinin 300-400 metrliyinə gətirərək sərbəst buraxıblar.
Baş Prokurorluğun mətbuat xidməti isə açıqlama yayaraq bildirib ki, aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq mitinqin təyin olunduğu əraziyə doğru irəliləyib açıq çağırışlar edib: “Polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb”.
Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsinə aparılan Əli Kərimliyə ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti onu müayinə edib və xəsarətin başını avtobusun dəmir barmaqlıqlı qapısına vurmasının nəticəsi olduğuna dair rəy verilib, daha sonra Əli Kərimli Daxili İşlər Nazirliyinin hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilməyib: “Məhkəmə-tibb eksperti Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşlarını müayinə edib və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib”.
AXCP sədri Baş Prokurorluğa rəsmi şikayət edərək işgəncəyə məruz qalması ilə bağlı cinayət işi qaldırılmasını istəyib. Bakı Şəhər Prokurorluğu 5 dekabr 2019-cu ildə cinayət işi başlanmasını rədd edən qərar çıxarıb. Əli Kərimli həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edib, 19 oktyabr 2019-cu il mitinqində ona qarşı baş verənlərin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş işgəncəyə, pis rəftara məruz qalmamaq, azadlıq hüququ, toplaşmaq hüququ və konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi hüquqlarının pozuntusu kimi qiymətləndirilməsini istəyib. O, prokurorluğun üzərinə bu işlə bağlı səmərəli araşdırma aparmaq öhdəliyi qoyulmasını da xahiş edib.
Azadliq.org-un məlumatına görə, Səbail Rayon Məhkəməsi şikayəti geri qaytarıb, əsas kimi prokurorluğun qərarının əlavə olunmamasını göstərib. Bakı Şəhər Prokurorluğunun 5 dekabr 2019-cu il qərarı isə indiyə qədər Əli Kərimliyə təqdim olunmayıb.
Siyasətçi “Azadlıq” radiosuna deyib ki, qərar məqsədli şəkildə ona təqdim edilmir, məhkəmə isə qanunsuzluğa son qoymaq, həmin qərarın surətini prokurorluqdan tələb etmək əvəzinə şikayəti geri qaytarmaqla özbaşınalığın işirakçısına çevrilib.
AXCP sədri Səbail məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O hesab edir ki, qərarın təqdim olunmaması, məhkəmənin həmin əsasla şikayəti geri qaytarmasında məqsəd işgəncə şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsinə gedib çıxmasını əngəlləməkdir.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan 1965-ci il təvəllüdlü Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.