Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni layihə hazırlayıb. Rəsmi məlumata görə, layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaşının 5 il azaldılması nəzərdə tutulur: “Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da yenilik var. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləği 30 faizə qədər azaldılır”.
Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarını Nazirlər Kabineti təsdiqləyir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər həmin siyahı əsasında müəyyən olunur.
Novator.az bildirir ki, 2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
2020-ci il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 264,3 min nəfər pensiyaçı qeydiyyatda olub.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği 297 manat göstərilir.
Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır.
2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.
İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.
Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğ, pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.