AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli iyunun 9-da azadlığa buraxılıb. O, mayın 25-i Sabirabad Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinib 15 sutka inzibati həbs cəzası almışdı.
Faiq Əmirli aprelin 8-dən mayın 8-dək də həbsdə olub. Partiya fəalı aprelin 8-i Bakıda tutularaq Səbail Rayon Məhkəməsinin qərarı ilə karantin rejiminin pozulmasında təqsirli bilinmiş, 30 sutka həbs cəzası almış, mayın 8-də azadlığa buraxılmışdı.
Novator.az bildirir ki, martın 22-dən bəri daha 15 AXCP fəalına müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası verilib.
Hazırda onların 1-i həbsdədir.
Mayın 28-də tutulan AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov 15 sutka inzibati həbs cəzasına məhkum edilib.
Ruslan Əmirov aprelin 9-dan mayın 9-dək də həbsdə yatıb. O, aprelin 9-u paytaxtda karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası almış, mayın 9-da azadlığa buraxılmışdı.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikov 10 sutka, aprelin 10-u Bakıda tutulan Nicat Abdullayev 30 sutka, aprelin 13-ü Bakıda tutulan Baba Süleyman 30 sutka, aprelin 17-si Abşeron rayonunda tutulan Vüqar Əbilov 20 sutka, aprelin 18-i Bakıda tutulan İslam İslamzadə 30 sutka, aprelin 22-si Bakıda tutulan Əvəz Əhmədov və Arif Babayev 30 sutka, aprelin 25-i Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli 15 sutka, mayın 2-si Salyanda tutulan Sərdar Qubadsoy 25 sutka, mayın 4-ü Bakıda tutulan Elvin Məmmədov 30 sutka, mayın 6-sı Bakıda tutulan Ramid Nağıyev 30 sutka, mayın 9-u Bakıda tutulan Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbs cəzası çəkib.
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. Cəzası bitəndən sonra Niyaməddin Əhmədova terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda onun məhkəməsi gedir.
Mayın 16-sı Bakıda tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.