Novator.az işğalçı Dağlıq Qarabağ rejimində qurulan yeni “hökumətin” tərkibinə nəzər salıb.
Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb.
“Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Araik Arutunyan qalib gəlib, mayın 21-də səlahiyyətlərinin icrasına başlayıb.
1973-cü il təvəllüdlü Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.
Araik Arutunyanın yeni “hökumətinə” “dövlət naziri” rəhbərlik edir: Qriqori Martirosyan.
“Xarici işlər naziri” vəzifəsi əvvəlki “nazirə” həvalə olunub: Masis Mailyan. O, 2017-ci ildən bu vəzifədədir.
“Müdafiə naziri” də əvvəlkidir: Cəlal Arutyunyan. Eyni zamanda “ordu komandanı” sayılan Cəlal Arutyunyan 2020-ci ilin fevralında “nazir” postuna gətirilib.
“Ədliyyə naziri” (Siran Avetisyan), “təhsil, elm və mədəniyyət naziri” (Lusine Qaraxanyan) postları qadınlara həvalə olunub.
Vaqram Baqdasaryan “maliyyə naziri”, Levon Qriqoryan “iqtisadiyyat və istehsal infrastrukturu naziri”, Aşot Baxşiyan “kənd təsərrüfatı naziri”, Jirayr Mirzəyan “ərazi idarəçiliyi və inkişafı naziri”, Aram Sərkisyan “şəhərsalma naziri”, Samvel Avanesyan “əmək, sosial və mənzil məsələləri naziri”, Samvel Şahramanyan “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” təyin olunub.
“Səhiyyə naziri”nin səlahiyyətlərini Araik Baqiryan icra edir.
Kamo Ağacanyan “Milli Təhlükəsizlik Xidməti”nin direktoru, Aşot Akopcanyan “Polis” rəisidir.
İşğalçı rejimin hökumətində “Dövlət Nəzarəti Xidməti”, “Ermənistan və Diasporla İnteqrasiya Komitəsi”, “Fövqəladə Hallar Xidməti”, “Dövlət Gəlirləri Komitəsi”, “Dövlət Əmlakı İdarəçiliyi və Kadastr Komitəsi”, “Ekologiya Komitəsi” də yer alır.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.
İşğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.