İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, tibbi sığorta 2020-ci il yanvarın 1-dən 23 inzibati ərazidə – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq olunur: “5 ay ərzində həmin ərazilərdə tibb müəssisələrinə 906 min 131 nəfər müraciət edib, bu müraciətlər üzrə 4 milyon 585 min 307 tibbi xidmət göstərilib. Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala və Şəkidir.
Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir, Yevlax, Ağdaş, Qusar və Quba mərkəzi xəstəxanalarıdır.
Müraciətlərin çoxu ümumi tibbi baxışla bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, essensial (birincili) hipertenziya, insulindən asılı olmayan şəkərli diabet, normal hamiləliyin gedişi üzərində müşahidə, diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi yer alıb.
Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi, oftalmologiya, nevrologiya/neyrocərrahiyyə, urologiya və travmatologiya üzrə əməliyyatlar çoxluq təşkil edir”.
Novator.az bildirir ki, Nazirlər Kabineti Azərbaycanda icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını belə müəyyən edib:
Naxçıvan Muxtar Respublikası, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – 2020-ci ilin yanvarından;
Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – 2021-ci ilin yanvarından;
Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları – 2021-ci ilin aprelindən.