Milli Məclis “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklikləri son oxunuşda qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bununla bağlı 5 iyun arayışında qeyd olunur ki, layihədə qanunun 5 maddəsinə 11 dəyişiklik və bir maddənin yeni redaksiyada verilməsi əksini tapır: “Yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək. Layihədə sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yer alıb”.
Nazirliyin açıqlamasına görə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nda dəyişikliklər layihəsi də hazırlanıb: “Qaydalarda ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir. Həmin nisbət 10 faizdən 15 faizə çatdırılır.
Ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların bəyan edilməsi tələbi aradan qalxacaq. Məsələn, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edərkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və sairə ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq”.
Novator.az bildirir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda əsas yeniliklərin birinə görə, sosial yardım almaq hüququ olan ailələr belə təsnif olunur: “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.
Başqa bir dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən 1 il müddətinə təyin olunur.
Qanuna əsasən, ünvanlı yardım orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə düşür. 2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb.