AXCP fəalı Ramid Nağıyev iyunun 5-də 30 sutkalıq inzibati həbs cəzasını başa vuraraq Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı saxlanma məntəqəsindən azadlığa buraxılıb. Novator.az bildirir ki, o, mayın 6-sı Bakıda tutularaq məhkum edilmişdi.
Martın 22-dən bəri daha 15 AXCP fəalı müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb.
Hazırda onların 4-ü inzibati həbs cəzası çəkir.
Mayın 9-u Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyevə Bakıda 30 sutka inzibati həbs cəzaları verilib.
Mayın 25-də Sabirabadda tutulan AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli xırda xuliqanlıq ittihamı ilə 15 sutka inzibati həbsə məhkum edilib.
Faiq Əmirli aprelin 8-i Bakıda tutularaq karantin rejiminin pozulmasında təqsirli bilinmiş, 30 sutka həbs cəzası almış, mayın 8-də azadlığa çıxmışdı.
Mayın 28-də tutulan AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov 15 sutka inzibati həbs cəzasına məhkum edilib.
Ruslan Əmirov aprelin 9-u paytaxtda karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası almış, mayın 9-da azadlığa buraxılmışdı.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikov 10 sutka, aprelin 10-u Bakıda tutulan Nicat Abdullayev 30 sutka, aprelin 13-ü Bakıda tutulan Baba Süleyman 30 sutka, aprelin 17-si Abşeron rayonunda tutulan Vüqar Əbilov 20 sutka, aprelin 18-i Bakıda tutulan İslam İslamzadə 30 sutka, aprelin 22-si Bakıda tutulan Əvəz Əhmədov və Arif Babayev 30 sutka, aprelin 25-i Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli 15 sutka, mayın 2-si Salyanda tutulan Sərdar Qubadsoy 25 sutka, mayın 4-ü Bakıda tutulan Elvin Məmmədov 30 sutka həbsdə yatıb.
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. Cəzası bitəndən sonra Niyaməddin Əhmədova terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda onun məhkəməsi gedir.
Mayın 16-sı Bakıda tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, Xətai Rayon Məhkəməsi mayın 18-də onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.