Milli Məclisin 5 iyun iclasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri təyin olunub. Qərara əsasən, parlamenti komissiyada Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev təmsil edəcəklər.
Novator.az bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 3 mart 2004-ci ildə yaradılıb. 15 nəfərlik qurumun 5 üzvünün təyinatı prezidentin, 5 üzvünün təyinatı Milli Məclisin, 5 üzvünün təyinatı Konstitusiya Məhkəməsinin səlahiyyətindədir.
Qurumun üzvləri arasında Prezident Administrasiyasının rəhbəri, administrasiyanın iki şöbə müdiri, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi də var.
Əsasnamədə komissiyanın əsas vəzifələri belə sıralanır: korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarət; “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək və onların təqdim edilməsinə nəzarət; korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına və digər qurumlara təkliflər vermək; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarət.