Prezident İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasını təsdiqləyib. Fərman iyunun 4-də imzalanıb.
Sahibkarlığın İnkişafı Fondu İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxsdir.
Novator.az bildirir ki, qaydaya görə, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olaraq seçilmiş bütün banklar və ya bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilərlər.
Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə Mərkəzi Bank hər il fevralın 1-dək fonda müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə məlumat təqdim edir.
Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində prezidentin aktları ilə, eləcə də fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 iş günündən gec olmayaraq investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair fondun müəyyən etdiyi məlumatları və sənədləri fonda təqdim edir.
Fond 10 iş günü müddətində fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə fonda sifariş göndərir. Fond 3 iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir.