Azərbaycan nefti “AzəriLayt”ın barreli 40,45 dollara təklif olunur. Xəbəri iyunun 4-də Energetika Nazirliyi yayıb.
London birjasında brent markalı neftin barrelinə 39,24 dollar, Nyu-York birjasında layt markalı neftin barrelinə 36,58 dollar qiymət qoyulub.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, mayın 1-dən Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel, iyulun 1-dən 587 min barrel, 2021-ci il yanvarın 1-dən 620 min barrel olmalıdır.
Dövlət Neft Fondu 2020-ci ilin yanvar-may aylarında Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsindən 2 milyard 106 milyon dollar gəlir əldə edib.
Beş ayda “Şahdəniz” yatağı üzrə kondensatın satışından 120 milyon dollar götürülüb.