Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, məcəlləyə müvəqqəti vergi rejimi anlayışı daxil edilib. Bu rejim təbii fəlakət, epidemiya, epizootiya, böyük ekoloji və başqa qəza, habelə qlobal iqtisadi mühitdə baş verən hadisə fonunda iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qisim sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənməsinin müvəqqəti qaydasını nəzərdə tutur.
Layihədə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni fəsil yer alır. Fəslin müddəaları bəzi vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir.
2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq ediləcək müddəalar bu fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:
avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
turoperator və turagent fəaliyyəti;
sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
ictimai iaşə fəaliyyəti;
sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
koronavirus pandemiyasının yayılıması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
“Sosial sığorta haqqında” qanuna dəyişikliklər də prezident imzası ilə rəsmiləşib. Yeniliyə əsasən, ticarət fəaliyyəti üzrə sahibkarlıqla məşğul olanlar 1 aprel 2020-ci ildən minimum aylıq əməkhaqqının 25 faizi miqdarının müxtəlif hədlərində dövlət sosial sığorta haqqı ödəməlidir. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi; Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi; digər şəhərlərdə 80 faiz həddi; rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi; kənd yerlərində 50 faiz həddi qüvvədə olacaq.
Hazırda minimum əməkhaqqı 250 manatdır.
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün də yeniliklər var. Toyda, şənlikdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik fəaliyyəti və başqa oxşar fəaliyyət göstərənlərdən, fərdi foto, audio, video xidmətləri sahəsində işləyənlərdən (fotostudiyalar istisna olmaqla) minimum aylıq əməkhaqqının 5 faizi miqdarında sosial sığorta haqqı tutulacaq.
Çəkməçilər, pinəçilər, məişət cihazlarının təmiri ilə məşğul olanlar, fərdi yaşayış evlərində və mənzillərdə qulluqçuluq edən, xəstələrə, qocalara və uşaqlara qulluq, dayə, fərdi sürücülük xidmətləri göstərən, bağbanlıq, aşpazlıq, gözətçilik edən, iaşə obyektlərində ofisiant kimi çalışan, naqqaşlıq emalatxanalarında işləyən, fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında sosial sığorta haqqı verəcəklər.
Bölgələr üzrə fərqli əmsallar tətbiq ediləcək.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının bu dərəcələri üzrə hesablanacaq:
5 hektaradək olduqda – 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.