Hüquq müdafiəçisi Emin Hüseynov bloqçu qardaşı Mehman Hüseynovun xərçəng xəstəliyinə tutulduğu barədə açıqlama yayıb.
1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçu kimi, hökuməti tənqid edən videoları ilə tanınır. O, 2017-2019-cu illərdə həbsdə yatıb.
Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynova cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Novator.az-ın məlumatına görə, Emin Hüseynov iyunun 1-də özünün “Facebook” səhifəsində yazıb ki, Mehman Hüseynov ağır xəstədir: “Bir neçə həftə əvvəl həkimlər onda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər. Mehman ən qısa müddətdə müalicəyə başlasa, bu xəstəliyin öhdəsindən gəlmək şansı var.
Müalicənin ilk mərhələsi dəyəri təxminən 30 min İsveçrə frankı edən beş-altı həftəlik radioterapiya kursundan ibarətdir. Radioterapiya tamamlandıqdan sonra həkimlər şişin çıxarılması üçün bir əməliyyat keçirəcək. Radioterapiya sonrası sağalma optimist bir ssenari ilə getsə, əməliyyatın dəyəri 12 min İsveçrə frankı, pessimist ssenari ilə getsə, 44 min frank olacaq. Yalnız xəstəxanada xərcləri ödəmək üçün təxminən 74 min frank lazım gələcək.
Nə məndə, nə Mehmanda bu qədər pul var. Hər zaman insan haqlarını müdafiə edən qeyri-kommersiya təşkilatlarında işləmişik və heç bir əmanətimiz yoxdur.
Azərbaycanda və qonşu Gürcüstanda müalicə və diaqnoz üçün bir neçə uğursuz cəhddən sonra tərəfdaş insan hüquqları təşkilatlarının dəstəyi ilə Mehman İsveçrəyə gələrək lazımı diaqnostik prosedurlardan keçə bildi. Gəliş koronavirus pandemiyasının qızğın vaxtına düşdü. Sərhədlər bağlı olduğundan müalicə və müayinənin daha ucuz başa gələ biləcək yerə getmək imkanımız yox idi.
Mehmanın müalicəsi üçün pul toplamaq gərəkdir. Hazırda onun həyatı təhlükə altındadır və sağlamlığına qovuşa bilməsi üçün dəstəyimizə ehtiyacı var.
Mehmanın taleyinə biganə qalmayan hər kəsi həmrəylik göstərməyə və onun həyatını qurtarmaq və sağlamlığını bərpa etmək üçün 74 min frank toplamağa kömək etməyə çağırıram”.
1 İsveçrə frankı 1 manat 76 qəpikdir.