Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə iyunun 1-də keçirdiyi videokonfransda koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına təsirindən söz açıb: “Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik.
Biz həmçinin iqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”.
Dövlət başçısı 2020-ci ilin ilk dörd ayı ərzində iqtisadi artımın çox az – 0,2 faiz olduğunu vurğulayıb: “Beş ayın nəticələri hələ ki, məlum deyil. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, ola bilsin, bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.
Mən bilirəm ki, çox ölkə, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və xərclərimiz daim mənfəətimizdən aşağı olub. Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimizdir”.
İlham Əliyev əlavə edib ki, dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım qeydə alınıb: “Bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz yaxşı nəticələr verir”.
Prezident Şimal-Cənub istiqamətində dəmir yolunun bərpa edilməsi prosesində olduğunu xatırladaraq Asiya İnkişaf Bankı rəhbərlərini bu layihəni nəzərdən keçirməyə çağırıb: “Azərbaycan bu dəhlizə böyük həcmdə sərmayə yatırıb. Onun çox böyük potensialı var. Biz artıq şimaldan – Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və bunu etməyi planlaşdırırıq. Bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün Rusiya ilə sərhədimizdə tıxaclar var. Azərbaycandan, həm də İrandan artan ixrac malların yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır”.