Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 26-da “hökumətin” strukturunu təsdiqləyib. Novator.az-ın məlumatına görə, “dövlət nazirinin” rəhbərlik edəcəyi hökumətə bu qurumlar daxildir:
“Xarici İşlər Nazirliyi”
“Müdafiə Nazirliyi”
“Ədliyyə Nazirliyi”
“Maliyyə Nazirliyi”
“İqtisadiyyat və İstehsal İnfrastrukturu Nazirliyi”
“Kənd Təsərrüfatı Nazirliyi”
“Ərazi İdarəçiliyi və İnkişafı Nazirliyi”
“Şəhərsalma Nazirliyi”
“Əmək, Sosial və Mənzil Məsələləri Nazirliyi”
“Səhiyyə Nazirliyi”
“Təhsil, Elm və Mədəniyyət Nazirliyi”
“Hərbi Vətənpərvərlik, Gənclər, İdman və Turizm Nazirliyi”.
Digər “dövlət orqanları” bunlardır:
“Milli Təhlükəsizlik Xidməti”
“Polis”
“Dövlət Nəzarəti Xidməti”
“Ermənistan və Diasporla İnteqrasiya Komitəsi”
“Fövqəladə Hallar Xidməti”
“Dövlət Gəlirləri Komitəsi”
“Dövlət Əmlakı İdarəçiliyi və Kadastr Komitəsi”
“Ekologiya Komitəsi”.
Azərbaycan torpaqlarında qanunsuz qurulan işğalçı Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 21-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Həmin gün yeni “parlamentin” ilk iclası da olub, Artur Tovmasyan sədr seçilib.
Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. Proporsional sistemlə seçilən 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb. Azad Vətən Partiyası 16, Vahid Vətən Partiyası 9, Ədalət və Daşnaksütun partiyalarının hər biri 3, Arsax Demokrat Partiyası 2 mandat alıb.
“Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Araik Arutunyan qalib gəlib.
1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır.
Xankəndidəki “Arsax Dövlət Universiteti”nin iqtisadiyyat fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Texnika elmləri namizədidir.
2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.
Azad Vətən Partiyasının sədridir.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.
İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.