Novator.az ən azı 10 ildir eyni rayonda icra başçısı olan şəxslərin siyahısını təqdim edir.
Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin, Səbuhi Abdullayev Qəbələ Rayon İcra Hakimiyyətinin, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə 2010-cu ildə təyinat alıblar.
2009-cu ildən Bayram Səfərov Şuşanın, Mübariz Əhmədzadə Zaqatalanın icra başçısıdır.
Rövşən Bağırov Lerikin, Şair Alxasov Qusarın icra başçısı vəzifələrinə 2007-ci ildə gətiriliblər.
Abdin Fərzəliyev 2005-ci ildən Nərimanov rayonunun icra başçısı vəzifəsini tutur.
Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.
Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyin edilib.
Azərbaycanda yerli icra hakimiyyətlərinin başçılarının təyinatı prezidentin səlahiyyətindədir.
Yerli icra hakimiyyətləri haqqında əsasnaməyə görə, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini icra başçısı həmin nazirliklərlə razılaşdırıb vəzifəyə təyin edə və vəzifədən çıxara bilər.
Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin yerli bölmələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçısının təqdimatına əsasən həmin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edir.
Dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən yerli qurumlarının rəhbərləri yerli icra hakimiyyətinin başçısı ilə razılaşdırılmaqla vəzifəyə təyinat alır və vəzifədən çıxarılırlar.