Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Açıqlamaya görə, Azərbaycan vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, qarşı tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanmaları üzrə hadisələr araşdırılıb: “Əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər vətəndaşlardan alınmış külli miqdarda pulu hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə vəsaitin müəyyən faizini onlara geri qaytarıb.
Məhkəmə qərarları əsasında DSX-nin həmin vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib”.
Məlumatda o da qeyd edilir ki, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda vəsait toplayaraq əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirakda şübhəli bilinən Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Həmçinin Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlunun vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırdığının üzə çıxdığı bildirilir. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Həbslərlə bağlı ilk xəbər mayın 14-də yayılıb. Mayın 15-də prezident İlham Əliyev general-leytenant Əfqan Nağıyevi Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən çıxarıb.
2002-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinə general-polkovnik Elçin Quliyev rəislik edir.
Elçin Quliyev 1967-ci ildə Sumqayıtda anadan olub. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 1988-ci ildən SSRİ Silahlı Qüvvələrində xidmət edib, 1992-ci ildən Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-cı ildən Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışıb. 27 mart 2001-ci ildə milli təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının komandanı təyin edilib. 31 iyul 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı olub.
2017-ci il iyunun 5-də Dövlət Sərhəd Xidməti rəisindən Sərhəd Qoşunlarının komandanı statusu alınıb.
General və başqa yüksək rütbəli hərbi qulluqçular həbs olunub