Azərbaycan torpaqlarında qanunsuz qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 21-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Mərasim Şuşa şəhərinə təyin olunub. Həmin gün Xankəndidə yeni “parlamentin” ilk iclası da olacaq.
Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb. “Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Azərbaycana qarşı işğalçı müharibənin fəal iştirakçılarından olan Araik Arutunyan qalib gəlib.
Novator.az-ın məlumatına görə, Qarabağ Komitəsi mayın 21-də bəyanat yayaraq qeyd edib ki, təcavüzkarın seçkilər şousunun ardınca inauqurasiya məzhəkəsinin Şuşaya təyin edilməsi cəmiyyətdə Azərbaycan xalqına və dövlətinə qarşı meydan oxuma kimi qəbul edilib, dərin həyəcana, hiddətə səbəb olub: “Eyni zamanda Azərbaycan hakimiyyətinin bu həyasız təcavüz aktlarına qarşı o cümlədən silahlı qüvvələrdən istifadə edilməklə adekvat, təsirli cavablar verməkdən çəkinməsi geniş etiraz yaradıb. Milyonlarla vətəndaşımız işğal olunmuş torpaqların azad edilməsi, düşmənin cəzalandırılması üçün döyüş əməliyyatlarının başlanmasına, azadlıq müharibəsinə, Vətən müharibəsinə çağırır və bu müharibədə iştiraka hazır olduğunu ifadə edir, qanı, canı, malı ilə öz ordusunun, əsgərinin yanında olduğunu bütün dünyaya hayqırır.
Dünyanı sarmış koronavirus fəlakəti dövründə Qarabağ məsələsində Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvər mövqe, işğalla barışmazlıq iradəsi göstərdi ki, Qarabağın azad olunması Azərbaycanın bir nömrəli milli problemi kimi qalır və qalacaq. Nə xaricdə, nə də daxildə kimsə xalqın işğalla barışacağı və bu vəziyyətin davam etməsinə dözəcəyi barədə xam və xain xəyallara düşməlidir!
Qarabağ Komitəsi Azərbaycanın siyasi-hərbi rəhbərliyini xalqın Qarabağ məsələsində ifadə etdiyi mövqeyə uyğun addımlar atmasını, düşmənin 21 may Şuşada üzdəniraq inauqurasiya fitnəkarlığının qarşısının alınması üçün real tədbirlər görməsini tələb edir”.
Bir qrup ictimai-siyasi xadimin 2018-ci ildə yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı və başqaları təmsil olunur.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları və keçmiş Ağdərə rayonu), eləcə də bölgənin ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.