Koronavirus pandemiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi kütləvi tədbirləri yasaqlayır. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı bu barədə xatırlatmasında dövlət bayramının – 28 May Respublika Gününün karantin şəraitində də layiqincə qeyd edilməli olduğunu vurğulayır. O yazır ki, Müsavat Partiyası mayın 28-i Bakının Novxanı kəndində, Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə bir saatlıq tədbir keçirmək istəyir.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 ili tamam olur. 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilib. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət başçısı postlarını bu şəxslər tutub: Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri, 1918), Əlimərdan bəy Topçubaşov (parlament sədri, 1918-1920), Fətəli xan Xoyski (baş nazir, 1918-1919), Nəsib bəy Yusifbəyli (baş nazir, 1919-1920).
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri sayılır.
1884-cü il yanvarın 31-i Novxanı kəndində doğulan Məhəmməd Əmin Rəsulzadə 1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.
Arif Hacılı özünün “Facebook” səhifəsində bayram təklifləri verir: “Mayın 28-də Azərbaycan Hərbi Hava Qüvvələrinin paytaxt Bakının səmasında uçuşlar keçirməsini, atəşfəşanlıq təşkil olunmasını, gün ərzində televiziyaların efirlərində Məhəmməd Əmin Rəsulzadənin portretinin nümayiş etdirilməsi yaxşı olar.
Hər evin eyvanından, ya pəncərəsindən üçrəngli bayrağımız, Məhəmməd Əmin Rəsulzadənin portretləri asılsa, gecə havaya uçan çıraqlar, dilək şarları buraxılsa, bayram tədbirlərimizdə bir yenilik olar. Hər cür çətinliklərə rəğmən dəyərli bayramımıza sahib çıxmalıyıq”.