Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir.
Novator.az bildirir ki, işğalçı Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 21-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Mərasim Şuşa şəhərinə təyin olunub. Həmin gün Xankəndidə yeni “parlamentin” ilk iclası da olacaq.
Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb. “Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Azərbaycana qarşı işğalçı müharibənin fəal iştirakçılarından olan Araik Arutunyan qalib gəlib.
Xarici İşlər Nazirliyinin 20 may açıqlamasında qeyd olunur ki, Azərbaycan Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur: “Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.
Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkəsindən başqa bir şey deyil.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər heç bir sağlam məntiqə sığmır və hamılıqla pislənir, rədd edilir.
Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.
Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.
İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Şuşa 1992-ci il mayın 9-dan işğaldadır.
Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub.