AXCP sədri Əli Kərimli mayın 19-da açıqlama yayıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, ictimai əsaslarla mühafizəçisi, cəbhəçi gənc Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilməsi yeni mərhələdir: “Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir.
Hökumətin cəza siyasətində dibə vurması ölkədə kütləvi narazılığın və xalqımızın mübarizə əzminin artması ilə birbaşa bağlıdır. Rejim görür ki, nə çoxsaylı inzibati həbslər, nə də siyasi fəalların saxta ittihamlarla 3-5 il müddətinə azadlıqdan məhrum edilməsi onun arzuladığı total qorxu mühitini yarada bilir. Əksinə, müxalifətin sıraları genişlənir.
Niyaməddin Əhmədov 1-2 il olar AXCP-yə qoşulub. O və onun kimi minlərlə insan AXCP sıralarına qoşulanda partiya sədrinin bütün müavinləri və müşavirləri həbsdə idi. Hazırda taleyindən nigaran qaldığımız, 3 gündür oğurlanmış tanınmış idmançı Səid Bakuvi də AXCP-nin yeni üzvlərindəndir. 2019-cu il ərzində 100 nəfər AXCP funksioneri həbs olunub. Həmin ildə də Səid bəy və onun kimi minlərlə insan AXCP üzvlüyünü seçib. Yəni həbslər rejimin istədiyi səviyyədə qorxu yaratmayıb. 10-14 illik həbslə hədələmə də rejimin arzuladığı qorxunu yaratmayacaq. Bu rejimin bundan sonra da 10-14 il hakimiyyətdə qalmaq şansı yoxdur. Rejimin anons etdiyi 10-14 illik həbslər də umduğu qorxunu, susqunluğu yarada bilməyəcək. Yarıtmaz sosial-iqtisadi siyasət, yoxsulluğun və təbəqələşmənin daha da artması, müxalifətə münasibətin absurd həddə enməsi, cəmiyyətlə qarşıdurma yolunun seçilməsi obyektiv faktorlar olaraq rejim əleyhdarlarının sayını hər gün artırır və artıracaq. Qorxunun əcələ faydası yoxdur. Bütün dünya dəyişdiyi kimi Azərbaycan da dəyişəcək. Həm də müsbətə doğru”.
AXCP fəalı Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Cəzası bitəndən sonra Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Terrorçuluğu maliyyələşdirmə ittihamı 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP üzvü Səid Məmmədzadəni (Bakuvi) mayın 16-sı Bakıda, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında mülki geyimli şəxslər tutub. Onun harada olduğu bilinmir.
1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.