Nazirlər Kabineti koronavirus pandemiyasının təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması tədbirlərinə qərar verib.
Novator.az bildirir ki, qərara əsasən, ali təhsil pilləsinin dövlət standartı və proqramı yenilənib. Dəyişikliklərə görə, ali təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş sayılırlar.
Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir.
Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramında da dəyişikliklər edilib. Yeniliyə əsasən, orta ixtisas təhsili proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilirlər.
Ümumi təhsil pilləsində təhsil alanların yekun attestasiyasının aparılması qaydalarında dəyişikliklər belədir: “Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – xarici dil və riyaziyyat fənlərindən olmaqla mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.
2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələdən ibarət olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr 300 ballıq şkalaya keçirilir”.
Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydaları da yenilənib. Dəyişikliyə görə, qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.
Koronavirus xəstəliyinə görə Azərbaycanın bütün təhsil müəssisələri martın 3-dən bəri bağlıdır.