AXCP üzvü Səid Məmmədzadə (Bakuvi) həbs edilib. O, mayın 16-sı Bakıda, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında tutulmuşdu.
Mayın 20-də AXCP-dən Novator.az-a bildiriblər ki, partiya fəalı bıçaqla xəsarət yetirməkdə ittiham olunur, Xətai Rayon Məhkəməsi mayın 18-də onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
İstintaq xuliqanlıq – silahdan istifadə etməklə zor tətbiqi motivi ilə aparılır. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Martın 22-dən bəri 16 AXCP fəalı müxtəlif inzibati xətalarda (karantin rejiminin tələbini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək) təqsirli bilinərək həbs cəzası alıb.
Hazırda onların 7-si inzibati həbs cəzası çəkir.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova və Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib.
Mayın 2-si Salyanda Sərdar Qubadsoy 25 sutka inzibatı həbs cəzası alıb.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası kəsilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.
Mayın 9-u Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyevə Bakıda 30 sutka inzibati həbs cəzaları verilib.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikov 10 sutka, aprelin 8-i Bakıda tutulan AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli 30 sutka, aprelin 9-u Bakıda tutulan AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov 30 sutka, aprelin 10-u Bakıda tutulan Nicat Abdullayev 30 sutka, aprelin 13-ü Bakıda tutulan Baba Süleyman 30 sutka, aprelin 17-si Abşeron rayonunda tutulan Vüqar Əbilov 20 sutka, aprelin 18-i Bakıda tutulan İslam İslamzadə 30 sutka, aprelin 25-i Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli 15 sutka həbsdə yatıb.
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. Cəzası bitəndən sonra Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Son vaxtlar daha 2 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.