İqtisadçı Qalib Toğrul “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikləri şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, dəyişikliklər iki hissədən ibarətdir: “Birincisi, vergi ödəyicilərinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın ala bildiyi malların siyahısına xam dərinin tədarükü (alışı) da əlavə edilib. İndiyəcən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarını, əlvan və qara metal qırıntılarını, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları və işlənmiş şinləri nağd qaydada almaq mümkün idi. Artıq xam dəri tədarükü ilə məşğul olanlara aylıq nağd limit (minimum hədd 15 min manat, maksimum hədd 30 min manatdır) tətbiq edilməyəcək. Onlar aldıqları xam dərinin dəyərini limitsiz şəkildə nağd ödəyə biləcəklər.
İkinci dəyişikliyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxsə nağd qaydada ödənə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ qanunla rəsmiləşən nağd əməliyyat həddinə daxil edilmir.
Bu gün kənd təsərrüfatında kütləvi şəkildə görülməsi tələb olunan işlərdə (alaq vurma, pambıq, tütün, çuğundur, üzüm, kartof, meyvə yığımı və sair) çalışanlarla əmək müqaviləsi bağlanmır. Bu isə həmin işçilərin bir çox təminatlardan, normal iş şəraitindən, sabit əməkhaqqından, bədbəxt hadisə və ya peşə xəstəliyi halında sığorta ödənişindən, əmək məzuniyyətindən, digər sosial təminatlardan mərhum olması deməkdir. Yeni dəyişikliklərdən sonra vergidə qeydiyyatı olan kənd təsərrüfatı istehsalçılarının (söhbət iri fermer təsərrüfatlarından gedir ki, onların da əksəriyyəti məmurlara bağlıdır) əlinə işçilərlə əmək müqaviləsi bağlamamaq üçün qanuni əsas keçir. Onlar mülki hüquqi xarakterli müqavilələr bağlayıb işçiləri mövsümi işlərə cəlb edəcək və işçi qarşısında əmək şəraiti ilə bağlı öhdəlik götürməyəcək.
Ancaq məsələnin yaxşı tərəfi də var. Bu da ondan ibarətdir ki, kənd təsərrüfatı istehsalçıları ilə çalışanlar arasında münasibətlər rəsmiləşəcək. Mülki hüquqi xarakterli müqavilə bağlayan vergi ödəyicisinin iki əsas öhdəliyi var: kənd təsərrüfatı istehsalçıları mülki hüquqi xarakterli müqavilə bağlayaraq mövsümi işə cəlb etdikləri şəxslərə bir ay müddətində sosial sığorta şəhadətnaməsi alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Həmin işçilərin sosial sığorta şəhadətnaməsi varsa, o halda kartı müqavilə bağladıqları kənd təsərrüfatı istehsalçısına təqdim etməlidirlər. Çünki həmin şəxslərə ödənən məbləğdən 25% məcburi dövlət sosial sığorta haqqı tutulacaq, bunu da kənd təsərrüfatı istehsalçısı həyata keçirəcək.
İkincisi, mülki hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdır. Bu ona görə lazımdır ki, sabah tarlada başına bədbəxt hadisə gələn işçi müvafiq sığorta ödənişi ala bilsin”.
Mövzu ilə əlaqədar bax: