Maliyyə Nazirliyi 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsini; 2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabatı; 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məlumatı və 2018-2019-cu illər üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev bununla bağlı şərhində büdcənin icrasına dair bilgilərin əvvəlki illərlə müqayisədə xeyli geniş olduğunu, ilk dəfə büdcə hesabatının elektron formada yayıldığını vurğulayır: “Ötən payız 2020-ci ilin büdcəsi ilə bağlı da əvvəllər olmadığı həcmdə və formatda informasiyalar açıqlanmışdı. Amma bu yaxşı işləri yaxın gələcəkdə daha təkmil səviyyəyə çatdırmağa ehtiyac var.
Birincisi, büdcə hesabatını hazırlayarkən təsdiqlənmiş büdcə qanununun formatını nəzərə almaq lazımdır. Məsələn, qanunda bütün rayon və şəhərlərin hər biri üzrə gəlir və xərclərin proqnoz məbləği təsdiqlənir. Amma icra hesabatında bu yoxdur. Dövlət büdcəsinin yerli gəlir və xərclərinin icrasına dair hesabat ayrıca əlavə kimi hazırlanmalı, hər bir rayon və şəhərin gəlir və xərclərinin strukturunu görmək mümkün olmalıdır.
İkincisi, icra olunmuş investisiya layihələrinin siyahısı hesabata əlavə edilməlidir.
Üçüncüsü, hesabatda çox dəqiq izahlar olmalıdır. Məsələn, dövlət büdcəsinin sərbəst xəzinə qalığı il ərzində az qala 2,5 dəfə artırsa, bu artımın nəyin hesabına baş verdiyi açıqlanmalıdır. İstənilən artım və azalmaların səbəbləri barədə izah vacibdir. Hər qəpiyin hesabatı, proqnozdan hər kənarlaşmanın hesabatı verilməlidir”.
2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və müvafiq hesabatlar Milli Məclisə təqdim olunub. Layihəyə görə, büdcənin gəlirləri proqnozu 4,5% üstələyərək 24,2 milyard manat olub.
Xərclərin proqnozdan 3% az icra olunmaqla 24,4 milyard manat həcmində qərarlaşdığı vurğulanır.
2019-cu il büdcəsinin icrası barədə qanun
2019-cu il büdcəsinin icrası barədə hesabat