AXCP fəalı İslam İslamzadə mayın 17-də Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən azadlığa buraxılıb. Aprelin 18-i Bakıda tutulan İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilmişdi.
Novator.az bildirir ki, martın 22-dən bəri daha 15 AXCP fəalı müxtəlif inzibati xətalarda (karantin rejiminin tələbini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək) təqsirli bilinərək həbs cəzası alıb.
Hazırda onların 7-si inzibati həbs cəzası çəkir.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova və Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib. Əvəz Əhmədov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilinib.
Mayın 2-si Salyanda Sərdar Qubadsoya 25 sutka inzibatı həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.
Mayın 9-u Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyevə Bakıda 30 sutka inzibati həbs cəzaları verilib. Onlar karantin rejimini pozmaqda təqsirli biliniblər.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikov 10 sutka, aprelin 8-i Bakıda tutulan AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli 30 sutka, aprelin 9-u Bakıda tutulan AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov 30 sutka, aprelin 10-u Bakıda tutulan Nicat Abdullayev 30 sutka, aprelin 13-ü Bakıda tutulan Baba Süleyman 30 sutka, aprelin 17-si Abşeron rayonunda tutulan Vüqar Əbilov 20 sutka, aprelin 25-i Abşeron rayonunda tutulan Şəmsi Kəsəmənli 15 sutka həbsdə yatıb.
Həbs edilənlər arasında AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov da olub. O, aprelin 16-sı Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan fəalın cəza müddəti mayın 15-i axşam başa çatıb. Amma onun azadlığa çıxmadığı bəyan olunub. Qeyri-rəsmi bilgilərə görə, Niyaməddin Əhmədov hansısa bir cinayət işinin istintaqına cəlb olunub.
Son vaxtlar 2 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.