General-leytenant Əfqan Vəli oğlu Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev mayın 15-də belə sərəncam imzalayıb.
Mayın 14-də yayılan rəsmi məlumata görə, Əfqan Nağıyev həbs olunub, eyni zamanda Dövlət Sərhəd Xidmətinin başqa yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıb.
Həbslər Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirdiyi birgə əməliyyat-istintaq tədbirləri nəticəsində reallaşıb. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılır.
2002-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinə general-polkovnik Elçin Quliyev rəislik edir.
Elçin Quliyev 1967-ci ildə Sumqayıtda anadan olub. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 1988-ci ildən SSRİ Silahlı Qüvvələrində xidmət edib, 1992-ci ildən Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-cı ildən Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışıb. 27 mart 2001-ci ildə milli təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının komandanı təyin edilib. 31 iyul 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı olub.
2017-ci il iyunun 5-də Dövlət Sərhəd Xidməti rəisindən Sərhəd Qoşunlarının komandanı statusu alınıb.