Mərkəzi Bankın İdarə Heyəti “AGBank”, “Atabank”, “Amrah Bank” və “NBCBank” banklarının lisenziyalarını ləğv edib.
Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat olmaqla ümumilikdə 215 min əmanətçini əhatə edir.
“Atabank” və “Amrah Bank” bankları müflis elan edilib, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici təyin olunub. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarı ilə “Atabank” və “Amrah Bank”da qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” seçilib”.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb. Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsini 12 faizə qaldırıb.
Mayın 15-də yayılan məlumata görə, “Atabank” və “Amrah Bank”da qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənəcək.
Qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
1 iyun 2020-ci ildən başlayaraq 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Kapital Bank”ın filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
1 iyul 2020-ci ildən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Kapital Bank”ın filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilər kompensasiyaların alınması üçün “Kapital Bank”ın filiallarına müraciət edərkən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan çıxarışları) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci ildən “Kapital Bank”ın müvafiq filiallarından və Əmanətlərin Sığortalanması Fondunun www.adif.az internet saytından əldə edə bilərlər.
Qorunan əmanətçilər hesabdan çıxarışları 20 may 2020-ci ildən “Atabank”ın Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, “Amrah Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti, 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc olunduğu gündən başlayaraq bir il ərzində qəbul edir.