Milli demokratik qüvvələri hakimiyyətə gətirən 15 may hərəkatının 28 ili tamam olur. Novator.az bununla bağlı qısa arayışı təqdim edir.
1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edir (Oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı da qəbul olunur, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənir).
Sentyabrın 3-də 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilir.
Sentyabrın 8-də ümumxalq səsverməsi ilə prezident seçkisi keçirilir, yeganə namizəd – dövlət başçısı Ayaz Mütəllibov qalib gəlir.
Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qopartmaq istəyən Ermənistanın 1988-ci ildən başlayan təcavüzü güclənir. Sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunur (Dekabrın 10-da bununla bağlı qanunsuz referendum keçirilir).
İşğalçı müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca zəbt olunur.
Noyabrın 20-də Azərbaycanın dövlət və hökumət adamlarını daşıyan vertolyot Dağlıq Qarabağ ərazisində vurulur. Dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev və başqa şəxslər həlak olur.
1992-ci il fevralın 26-da Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı Xocalı şəhəri işğal olunur, 613 nəfər öldürülür.
Martın 6-da prezident Ayaz Mütəllibov 1989-cu ildə yaradılmış, parlamentdə fraksiya ilə təmsil olunan Azərbaycan Xalq Cəbhəsinin (AXC) və başqa müxalif qüvvələrin təkidi ilə istefa verir. Prezident səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçir, iyunun 7-nə prezident seçkisi təyin edilir, dövlət başçısı postuna AXC sədri Əbülfəz Elçibəyin də namizədliyi qeydə alınır.
Aprel ayında Heydər Əliyevin tərəfdarları Bakıda – parlamentin binası qarşısında davamlı aksiyalar keçirməyə başlayır. Onlar prezidentliyə namizədlik üçün qoyulmuş 65 yaş həddinin ləğvini, 68 yaşlı Heydər Əliyevin seçkidə iştirakına şərait yaratmağı tələb edirlər.
Mayın 8-9-da Dağlıq Qarabağda azərbaycanlıların əsas dayaq nöqtəsi – Şuşa şəhəri işğal olunur. Ölkədə vəziyyət gərginləşir, bu dəfə sabiq prezident Ayaz Mütəllibovun tərəfdarları parlamentin binası qarşısında oturaq aksiyalar keçirib onun hakimiyyətə qayıtması tələbini qoyurlar.
Mayın 14-də parlamentin qərarı ilə Ayaz Mütəllibov prezident kürsüsünə qaytarılır, 7 iyun seçkisi ləğv edilir.
Mayın 15-də AXC-nin başçılıq etdiyi kütləvi etirazlarla Ayaz Mütəllibov yenə hakimiyyətdən uzaqlaşdırılır, prezident seçkisi bərpa olunur, hakimiyyətin müxalifətə ötürülməsi prosesi başlayır.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayonun çox hissəsi ermənilərin əlinə keçir.
Mayın 18-də AXC liderlərindən olan deputat İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edir.
İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilir, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayır.
AXC hakimiyyətinin ilk aylarında işğaldakı torpaqların bir hissəsi, o cümlədən Dağlıq Qarabağın şimal bölgəsi və Laçın rayonunun xeyli kəndi azad edilir.
1993-cü ilin fevral ayından Qarabağ cəbhəsində yenə uğursuzluqlar başlayır, Dağlıq Qarabağın şimal bölgəsindəki ərazilərin bir hissəsi itirilir, martın sonundan təcavüz artır, aprelin 2-də Kəlbəcər rayonu işğal edilir.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırır. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnir. İyunun 15-də deputat Heydər Əliyev parlament sədri seçilir. İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarır, prezident səlahiyyətləri Heydər Əliyevə keçir, Surət Hüseynov baş nazir təyin olunur. Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşir. Oktyabrın 3-də Heydər Əliyev prezident seçilir.
Hakimiyyət dəyişikliyi dalğasına düşən yay-payız aylarında Dağlıq Qarabağın ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilir…
AXC-nin qurucu lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 2000-ci ildə, milli demokratik hakimiyyətin xarici işlər naziri olmuş Tofiq Qasımov və daxili işlər naziri olmuş İsgəndər Həmidov 2020-ci ildə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradıcısı və sədri olmuş Vurğun Əyyub 2019-cu ildə dünyalarını dəyişiblər.
Milli demokratik hakimiyyətdə parlament sədri olmuş İsa Qəmbər Müsavat Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, dövlət katibi və baş nazir olmuş Pənah Hüseyn Xalq Partiyasının sədri, dövlət katibi olmuş Əli Kərimli Xalq Cəbhəsi Partiyasının sədri, dövlət müşaviri olmuş Arif Hacılı Müsavat Partiyasının başqanıdır.
1993-cü ildən dövlət başçısı olan Heydər Əliyev 2003-cü ildə vəfat edib. 2003-cü ildən bəri onun oğlu İlham Əliyev prezidentdir.