İqtisadçı Rövşən Ağayev Azərbaycan hökumətinin ünvanlı dövlət sosial yardımı mexanizminə dəyişiklik edəcəyi barədə açıqlamaları nəzərə alaraq təklif verib.
Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, ünvanlı sosial yardımın təyin edilməsi qaydalarında torpaq payından əldə olunan gəlirlərin torpaqların normativ qiymətinə uyğun hesablanması da yer alır: “Normativ qiyməti Nazirlər Kabineti 1998-ci ildə təsdiqləyib. Torpağın keyfiyyət qrupundan asılı olaraq müəyyən edilən normativ qiymət 1998-ci ildən sonrakı istehlak qiymətlərinə uyğun indeksləşdirilərək hər hektarın gəlirliliyi müəyyən edilir. 1998-ci ildən bəri inflyasiya rəqəmlərinə baxsaq, həmin normativ qiyməti ən azı 2,5-ə vurmaq lazımdır. İnflyasiya rəqəmlərini statistik olaraq cəmlədikdə istehlak səbətinin dəyəri nominal olaraq 2 dəfədən çox artıb.
Məsələn, Şabran-Xaçmaz kadastr rayonunda 1-ci keyfiyyət qrupuna aid 1 hektar əkin torpağı üzrə normativ qiymət 1747 manat müəyyən edilib. Son 20 ilin istehlak qiymətləri indeksi əsasında hesablandıqda həmin torpağın sosial yardım alınması zamanı nəzərə alınan gəlirliliyi 4000 manata yaxındır. Nə qədər realdır, fermerlər özü cavab verər. Amma bu yalnız əkin torpaqları üçündür, çoxillik əkmələr üçün fərqli qiymətdir.
Torpağın gəlirliliyini hesablamaq üçün obyektiv mexanizm hazırlanarsa, bu həm vətəndaşların məşğul sayılması, həm də real ehtiyacı olanların ünvanlı yardım alması üçün vacib hüquqi norma kimi istifadə edilə bilər”.
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, yardım orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə düşür. 2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb.
Bu yaxınlarda qanunun yenilənəcəyi, sosial yardımın təyin olunması müddətinin 2 ildən 1 ilə salınacağı bəyan olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq: “Müraciət zamanı əməkhaqqı, pensiya və müavinət, prezident təqaüdü ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənməyəcək.
I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da daxil edilməsinə ehtiyac qalmayacaq.
Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar tələb edilməyəcək.
Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq”.