Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mayın 13-də Azel.tv saytının baş redaktoru Əfqan Sadıqovu həbs edib. Məlumatı vəkil Elçin Sadıqova istinadla “Amerikanın Səsi” radiosu yayıb. Jurnalistin həbsini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də təsdiqləyib, ancaq detallar açıqlanmayıb.
Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova “Facebook” səhifəsində yazıb ki, jurnalist mayın 13-də tutulub, həmin gün onların evində axtarış aparılıb.
Əfqan Sadıqov 2016-cı il noyabrın 22-dən 2018-ci il mayın 22-dək həbsdə olub.
Cəlilabad Rayon Məhkəməsi onu xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib, sonra Ali Məhkəmə cəzanı 1 il 6 aya endirib.