Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun yaxınları istintaqın uzanmasından gileylidir.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi açıqlamaya əsasən, martın 22-də Tofiq Yaqublunun idarə etdiyi avtomobil Bakının Nizami rayonunda Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun avtomobildən çıxaraq yumruqla Elxan Cəbrayılovun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi bəyan olunub.
Martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. İstintaqı Nizami Rayon Polis İdarəsi aparır.
Novator.az-ın məlumatına görə, məhbus siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində yazır ki, mayın 7-də müstəntiq Ramil Əliyev anasını və dayısı oğlunu şahid qismində dindirmək üçün dəvət edib, amma özü razılaşdıqları vaxt iş yerində olmayıb: “Atam həbs olunandan bəri hər hansı istintaq aparıldığı duyulmur. Mayın 13-də ata evə zəng edəndə bildirdi ki, müstəntiq bir dəfə təcridxanaya gələrək vəkili Nemət Kərimlini ona təqdim edib, ondan sonra bir daha müstəntiqi görməyib.
Atamın həbsdə qanunsuz saxlanmasının 2 ayı tamam olmaq üzrədir. Heç bir istintaqın aparılmaması onu göstərir ki, məqsəd Tofiq Yaqublunu təcrid etməkdir”.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi