“Ünvanlı dövlət sosial yardımı haqqında” qanun yenilənir. Novator.az-ın məlumatına görə, bununla bağlı şərh yayan iqtisadçı Qalib Toğrul yazır ki, ən əhəmiyyətli dəyişiklik təklifi sosial yardımın təyin olunması müddətinin 2 ildən 1 ilə salınmasıdır: “Sosial yardımın təyin olunması müddətinin uzunluğu həm yardımı alanda, həm də onu təyin edəndə arxayınlıq yaradır. Yardım alan ailələrin yoxsulluq girdabında yaşamağa razılaşması rəsmiləşir, onlar həyatlarını dəyişməyə cəhd göstərmirlər. Müddətin çox olması yardımı təyin edən müfəttişlərin də əlinə manipulyasiya üçün əlavə imkanlar verir, rüşvətə imkan yaradır.
2006-cı ildə yardım verilməyə başlayanda sosial yardımın müddəti 6 ay idi. Bu, çox doğru yanaşma idi, müddət nə qədər az olarsa, yardım üçün üz tutan və onu təyin edən bir o qədər məsuliyyət hiss edər. Təəssüf ki, sonradan müddət əvvəlcə 1 ilə, ardınca 2 ilə qaldırıldı.
Digər bir dəyişiklik təklifi sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumatın verilməsi müddəti ilə bağlıdır. Əvvəllər bunun üçün 7 gün nəzərdə tutulmuşdu, indi 15 gün təklif olunur.
Qanuna təklif olunan digər dəyişikliklər əsasən redaktə xarakterlidir, bəzi məsələlər sosial yardımın verilməsini tənzimləyən qaydalarda olsa da, qanunda yox idi, bu boşluğun aradan qaldırılmasına hesablanılıb. Məsələn, “İnzibati icraat haqqında” qanunun sosial yardımı tənzimləyən qanunvericilik aktlarının siyahısına daxil edilməsi, yardıma hüququ olan şəxslərin siyahısının dəqiqləşdirilməsi…
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanun konkret hüquqi çərçivələri müəyyənləşdirir, yardımın təyini, verilməsi, imtina və digər bu kimi məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənir. Ancaq belə görünür ki, qanuna dəyişikliklər təsdiq olunduqdan sonra qaydalarda da ciddi yumşalmalar olacaq, bu yardım növünə əlçatanlıq artırılacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirir ki, layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq: “Müraciət zamanı əməkhaqqı, pensiya və müavinət, prezident təqaüdü ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənməyəcək.
I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da daxil edilməsinə ehtiyac qalmayacaq.
Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar tələb edilməyəcək.
Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq”.
Qanuna əsasən, ünvanlı yardım orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə düşür. 2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb. Rəsmi hesabata görə, 2020-ci il mayın 1-nə azı 82 min ailə (342 min ailə üzvü) ünvanlı yardım alıb, hər ailəyə düşən orta aylıq məbləğ 224 manat olub.