Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
1985-ci il təvəllüdlü Azər Qocayev mayın 13-də Kəlbəcərin icra başçısı təyin edilib. Bu təyinatınadək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləyib.
AZƏRTAC xəbər verir ki, videoqəbulda çıxış edən İlham Əliyev icra başçısına bunları deyib: “Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız eyni zamanda onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıb və gənclər məsul vəzifələrə təyin edilirlər.
Son vaxtlar bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Hesab edirəm ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar”.
Kəlbəcərin 1993-cü ilin aprel ayından Ermənistanın işğalı altında olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan öz suverenliyini bərpa edəcək: “Bunu deməyə əsas verən bir çox amil var. O cümlədən bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünyada qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir.
Siz gənc kadr kimi ilk növbədə məcburi köçkünlərə böyük diqqət göstərməlisiniz. Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı.
Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilib. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir.
Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz. İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır.
Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır.
Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni gözləri doymur.
Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu olmayacaq. Həyat da bunu göstərdi.
Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir. Bir çox rayonda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.
Mən eyni zamanda demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.
Sizə böyük etimad göstərilir və siz öz işinizlə bu etimadı doğrultmalısınız. Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin. Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır”.