Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan AXCP fəalı Aqil Hümmətov martın 30-da tutularaq Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gətirərək sərbəst buraxılmasına qərar verib. Ancaq aprelin 2-də Aqil Hümmətov yenidən tutulub, aprelin 3-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin xəstəxanaya yerləşdirilib.
Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Aqil Hümmətovun psixiatriya xəstəxanasında qanunsuz saxlandığını yazır: “Psixiatriya xəstəxanası həbsxana deyil və vətəndaşı məhkəmə qərarı ilə xəstəxanada saxlamaq tamamilə qanunsuzdur. Əgər vətəndaş qeyd edilən xəstəxanada stasionar müalicədən imtina edirsə və ruhi xəstəxanada qalmaq istəmirsə, onun özündən və ya yaxın qohumundan bu haqda ərizə alınır və həmin şəxs evinə buraxılır.
1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi bildirir ki, Aqil Hümmətov xəstəxanaya məhkəmə qərarına əsasən, polis müşayiəti ilə təcili tibbi yardım avtomobilində gətirilib. Baş həkim başa düşmək istəmir ki, psixiatriyadan siyasi məqsədlər üçün istifadə etmək qanun qarşısında məsuliyyət yaradır. Özünə hörmət edən həkim sağlam olduğuna görə məhkəmənin qərarı ilə evinə buraxılmış bir şəxsi yenidən ruhi xəstəxanaya qəbul etməməli və vətəndaş tələb edirsə onu öz ərizəsi ilə evinə buraxmağa borclu idi. Əgər bunları etmirsə, deməli, o, rəhbərlik etdiyi xəstəxanada cəza təbabəti ilə məşğuldur.
Aqilin 3 körpə balası var. Min bir əziyyət hesabına ailəsini dolandırırdı. Hakimiyyəti tənqidlərində öz haqqını tələb edirdi, uşaq pulu istəyirdi. Həmin uşaq pulu guya yoxsulluq 5 faizə endiyi üçün 2006-cı ildə ləğv olunub.
Aqilin heç bir xəstəliyi yoxdur. O, uşaqlarının haqqını istəyirdi. Məhz bunu istədiyinə görə saxta polis aktı, saxta məhkəmə qərarı, saxta şahid ifadələri və saxta həkim rəyi ilə məcburi qaydada psixiatriya xəstəxanasına yerləşdirilib. Cəmiyyət Aqilin müdafiəsinə qalxmalı, cəza təbabətinin ölkəyə ayaq açmasına yox deməlidir”.