Dövlət başçısı İlham Əliyev mayın 13-də fərman imzalayaraq Prezident Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili qaydasını təsdiqləyib.
Qaydaya əsasən, qəbul müvafiq cədvəl və administrasiyanın qəbul otağının gündəlik iş rejimi əsasında təmin edilir.
Vətəndaşlar administrasiyanın struktur bölmələri rəhbərlərinin videoqəbulunda olmaq üçün hər ay kütləvi informasiya vasitələrində öncədən elan edilən qəbul cədvəlində göstərilən əlaqə vasitələri ilə (www.president.az saytının “Qəbula yazılmaq” bölməsi, mobil və stasionar telefon nömrələri, mobil tətbiqlər və sair əlaqə vasitələri) müraciət edir, şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında videoqəbula ən geci 1 iş günü qalmış yazılır, qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
Vətəndaşlar administrasiyanın qəbul otağının əməkdaşının videoqəbulunda olmaq üçün şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında www.president.az saytında göstərilən əlaqə vasitələri ilə (saytın “Qəbula yazılmaq” bölməsi, mobil və stasionar telefon nömrələri, mobil tətbiqlər və sair əlaqə vasitələri) müraciət edir və müraciətin edildiyi vaxtdan etibarən ən geci 1 iş günü müddətində qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
Administrasiyanın struktur bölmələri rəhbərlərinin videoqəbulları qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda yerli icra hakimiyyəti orqanlarının vətəndaşların qəbulu otaqları vasitəsilə həyata keçirilir.
Administrasiyanın qəbul otağının əməkdaşları bütün iş günlərində vətəndaşların videoqəbulunu keçirirlər.
Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın yerli icra hakimiyyəti orqanının vətəndaşların qəbulu otağında tək olmasına şərait yaradılır, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin və əməkdaşlarının qəbul prosesini birbaşa və ya digər formada izləməsinə yol verilmir.
Videoqəbul zamanı qəbul otağına vətəndaşın video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır.
Videoqəbullar zamanı edilmiş müraciətlər video fayl şəklində administrasiyanın elektron informasiya sistemində qeydiyyata alınır, habelə müraciətlər üçün qeydiyyat-nəzarət vərəqəsi tərtib edilir.
Müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun baxılır və müraciətlər araşdırıldıqdan sonra cavablandırılır.
Vətəndaşın etdiyi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət videoqəbul zamanı şifahi qaydada cavablandırılır.
Müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədilə müraciət vərəqəsi tərtib edilir.
Müraciət vərəqəsi tərtib edilmiş müraciətlərin cavablandırılması müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı və ya telefon rabitəsi ilə şifahi qaydada həyata keçirilə bilər.
Prezident Administrasiyasının səlahiyyətləri bunlardır: Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlamaq; qanunların, prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət; prezidentin siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqları və yaradıcı birliklər, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin etmək; ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatların, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətlərinin, təkliflərinin təhlili və prezidentə müvafiq məruzələr hazırlamaq.
Bakı şəhərinin İstiqlaliyyət küçəsində qərar tutan administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.