Mayın 12-də fərman imzalayan prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin; Əmlak Məsələləri Dövlət Xidmətinin; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrini təsdiqləyib.
Novator.az bildirir ki, ötən il oktyabrın 23-də Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Həmin gündən iqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur. O, oktyabrın 23-dək vergilər naziri olub.
12 may 2020-ci il fərmanına əsasən, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əvvəlki qurumların hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı dövlət xidmətlərinə keçir.
Dövlət xidmətlərinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənə qədər bütün qurumlar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri dəyişməz qalır.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və prezident aktı ilə səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən qurumdur.
Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən qurumdur.