İqtisadçı Rövşən Ağayev kənd təsərrüfatı torpaqları olan şəxslərin avtomatik məşğul sayılması məsələsini şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, torpağı olanların ucdantutma məşğul sayılması beynəlxalq təcrübə və beynəlxalq metodologiya baxımından yanlışdır: “Məşğulluq qanununa təcili dəyişiklik edilməlidir. Azərbaycanda bir nəfər üçün aylıq yaşayış minimumu orta hesabla 190 manatdır. Orta statistik ailəni 4 nəfər götürsək, ailənin il ərzində minimum yaşayışını təmin etmək üçün 9400 manata yaxın vəsait lazımdır. Bu hədd yoxsulluğun sərhədidir – yəni bu həddə pul qazananlar yoxsullardır. Beynəlxalq praktikaya görə, həmin səviyyədən aşağı hədd aclıq həddidir.
1 hektar torpaqda insan nə əkib-becərə, neçə heyvan saxlaya bilər ki, orta statistik ailənin yoxsulluq həddindən yuxarı yaşaya bilməsini təmin etsin?
Hökumət strukturlarının – Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Dövlət Statistika Komitəsinin mütəxəssislərindən ibarət bir komissiya yaradılmalı, müxtəlif əkin növləri və ya sırf heyvandarlıq məqsədilə istifadə olunan 1 hektar torpağın keyfiyyət qrupundan (4 qrup var) asılı olaraq gəlir potensialı hesablanmalı, ildə bir dəfə bu hesablama da təzələnməlidir.
Bütün fəaliyyət növləri üzrə xərclər çıxılmaqla orta gəlirlilik hesablanmalı, kəndlilər də ildə bir dəfə öz torpaqlarında nə becərdikərini elektron kənd təsərrüfatı sistemində qeydə aldırmalıdır.
Bu məlumat və qaydalar çərçivəsində 1 hektarın bazasında ailələrin orta gəlirini hesablamaq problem olmayacaq. Belə hesablama nəticəsində orta statistik əmək qabiliyyətli şəxsin məşğul sayılması üçün kafi sayıla biləcək torpaq sahəsinin də həcmini müəyyən etmək mümkündür. Bu, sosial müdafiə sisteminə ədalətin gətirilməsi üçün də çox önəmlidir. Ailədə adambaşına 0,2 hektar və 2 hektar torpağı olanları eyni meyarla məşğul saymaq çox ədalətsizdir.
Bəzi postsovet ölkələrində aşağı ölçülü torpaq sahəsi olan və fermer kimi qeydiyyata düşməyən ailə təsərrüfatlarını həvəskar, öz tələbatını ödəyən fəaliyyətlə məşğul olanlar kimi uçota alırlar. Yəni fermer kimi uçota alınanlardan fərqli olaraq onları heç də avtomatik məşğul sayıb dövlətin sosial müdafiə sisteminin əhatəsindən kənara atmırlar”.