Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 2016-cı ildə imzalanmış Azərbaycan-İran sazişinə yenidən baxmağa çağırır.
2016-cı il fevralın 23-ü Tehranda Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Milli Məclis həmin sazişi 2016-cı il iyunun 16-da yekdilliklə təsdiqləyib.
Bu işlər çərçivəsində İrandan Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə körpülərin salındığı bilinib.
Novator.az-ın məlumatına görə, İsa Qəmbər yazır ki, yaranmış vəziyyət Ermənistanın Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsinin nəticələrinin nə dərəcədə ağır olduğunu bir daha göstərir.
Siyasətçinin fikrincə, İran iqtisadi və siyasi maraqlarına söykənib Ermənistanla həm bütövlükdə, həm işğal zonasında əməkdaşlıq etmək məqsədilə Azərbaycana təzyiq göstərir, Azərbaycan hakimiyyəti isə öz ömrünü uzatmaq naminə istənilən xarici qüvvəyə istənilən güzəştə getməyə hazırdır.
İsa Qəmbər indiki durumdan iki çıxış yolunun olduğunu vurğulayır: “2016-cı il sazişindən imtina etmək və ya sazişin fəsadlarını minimuma endirmək”.
İndiki şərtlər daxilində birinci yolun gerçək olmadığını vurğulayan siyasətçi ikinci yol istiqamətində bunları təklif edir: sazişin hüquqi ekspertizadan keçirilməsi; sazişin icra praktikasının araşdırılması; bütün prosesə, bütün qurğulara, o cümlədən körpülərə birgə nəzarət, bu mümkün deyilsə, sazişin dəyişdirilməsi prosesinə başlamaq.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.