Mərkəzi Bank mayın 12-də rəsmi məlumat yayıb. Açıqlamada xatırladılır ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il qərarları ilə “AGBank”, “Atabank”, “Amrah Bank” və “NBCBank” banklarına müvəqqəti inzibatçılar təyin olunub, aprelin 28-də isə “Atabank”la “Amrah Bank”ın lisenziyaları ləğv edilib.
12 may məlumatına əsasən, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə “AGBank”la “NBCBank”ın da lisenziyaları alınıb və hər iki bankın müflisləşmə yolu ilə ləğvi barədə məhkəməyə müraciət olunub: “Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat olmaqla ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya olunur.
Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi aprelin 30-da “Atabank” və “Amrah Bank” banklarını müflis elan edib, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici təyin olunub. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarı ilə “Atabank” və “Amrah Bank”da qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” seçilib”.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb. Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsini 12 faizə qaldırıb.
Hazırda Azərbaycanda 26 bank var.