Qarabağ müharibəsində atəşkəs sazişi imzalanmasından 26 il ötür.
Novator.az bildirir ki, atəşkəs layihəsini 1994-cü ilin mayında Rusiya Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Qırğızıstan paytaxtı Bişkekdə keçirilən iclasında təqdim edib. Mayın 5-də Bişkekdə həmin sənədi Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, MDB Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri imzalayıblar.
Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkiblər.
Bişkek protokolu adlanan həmin sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi imzalayıblar…
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca ermənilərin əlinə keçib.
Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilib.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunub.
Mayın 17-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilib.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.
Avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçib.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edib.
İyulun 23-də Ağdam şəhəri işğal edilib.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunub.
Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilib.
Oktyabrın 29-da Zəngilan rayonu işğal edilib.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edib.
2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı yüksəkliklər işğaldan azad edilib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiya, həmçinin Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.