Koronavirus pandemiyasına görə dünyada tətbiq edilən karantin rejimləri çöl arılarının xeyrinə işləyib. Çünki həşəratlara, böcəklərə zərər verən təcrüblər dayandırılıb, nəqliyyatın hərəkəti isə zəifləyib.
Novator.az-ın məlumatına görə, alimlər belə bir qənatə gəliblər ki, bu yaz insanlar evlərinə qapandıqlarına və nəqliyyat vasitələrinin hərəkəti azaldığına görə vəhşi təbiət rahat nəfəs ala bilib. Bunun nəticəsidir ki, İsraildə qabanlar Hayfa şəhərinin daha da içərilərinə girməyə, Avropayla Kiçik Asiyanı kəsişdirən Bosfor boğazında isə delfinlər gəmilərə meydan oxumağa başlayıb.
Alimlər deyirlər ki, təbiətdə belə bir canlanmaya ən çox vəhşi arılar ehtiyac duyur. Məsələ burasındadır ki, çirklənmə, həşəratlara qarşı mübarizə arı populyasiyalarının sayını sürətlə azaltmaqdadır.
Qlobal tətilin ətraf mühitə ən böyük faydalarından biri havada çirklənmənin azalması olub. Bu da arıların şirə toplamaq üçün daha qısa məsafələrə uçmasına şərait yaradıb.
Yollarda avtomobillərin sayının, deməli, onların havaya buraxdığı zəhərin azalması arıların işini asanlaşdırıb. Çirkli hava çiçəklərin qoxusunu zəiflədir. Bu isə arılara şirə çəkməli olduqları yerləri müəyyənləşdirməkdə çətinlik törədir. Nəticədə arılar şirə yığıb yuvalarına qayıtmaq üçün daha uzun məsafəyə uçmaq məcburiyyətində qalır.
Arıların bütövlükdə ekosistemə xidmət göstərdiyini deyən alimlər vurğulayırlar ki, arılarsız dünya fərqli görünər və həyatımız ciddi surətdə mənfiyə doğru dəyişərdi.
Arılar insan qidalarının üçdəbirini, gül bitkilərinin 80%-ni gübrələyən ən mühüm tozlayıcılarıdır. Arıların və digər tozlayıcı həşəratların qlobal iqtisadi dəyəri təxminən 150 milyard dollar həcmində ölçülür.
İlkin Nizami