AXCP üzvləri Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyevə 30 sutka inzibati həbs cəzaları verilib. Azadliq.info-nun məlumatına görə, qərarları mayın 9-da Nərimanov Rayon Məhkəməsi çıxarıb. Hər iki fəal karantin rejimini pozmaqda təqsirli bilinib.
Novator.az bildirir ki, martın üçüncü ongünlüyündən bəri daha 14 AXCP fəalı inzibati həbs cəzası alıb, 2 cəbhəçi isə cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 22-si Cəlilabadda tutulan Anar Məlikova karantin rejimini pozmaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.
Aprelin 8-i AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 9-u AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov Bakıda tutularaq karantin rejimi qaydalarını pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 10-u Nicat Abdullayev Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 13-ü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 17-si Abşeron rayonunda Vüqar Əbilova 20 sutka inzibati həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Aprelin 18-i Bakıda İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilib.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova və Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib. Əvəz Əhmədov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilinib.
Aprelin 25-i Şəmsi Kəsəmənli Abşeron rayonunda karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 15 sutka inzibati həbs cəzası alıb.
Mayın 2-si Salyanda Sərdar Qubadsoya 25 sutka inzibatı həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.